Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir

Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün nahar təşkil edilib.
Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Baş nazirin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib. Görüş çərçivəsində G.İsmayılzadə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm və aviasiya kimi sahələrin inkişafına yüksək önəm verildiyi haqqında məlumat verib.

Həmçinin, G.İsmayılzadə 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunacağını diqqətə çatdırıb. Bununla bağlı, Azərbaycan ilə Yaponiya arasında müxtəlif tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Baş nazir Ş.Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edib, Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

Tədbirdə yapon dilində danışan 22 səfir iştirak edib.

 

http://xeberpress.az/azerbaycan/3190-yaponiya-azerbaycan-ile-munasibetlere-boyuk-ehemiyyet-verir.html

05 Feb 2017 1528 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava