Prezident yaponiyalı naziri qəbul edib

 
 

Prezident İlham Əliyev bu gün Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu səfərin əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

 

 Dövlət başçısı bildirib ki, ölkəmizin dostu olan Akira Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Prezident nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib. Dövlət başçısı Yaponiya şirkətlərinin ölkəmizdə uzun illər çox uğurla fəaliyyət göstərmələrinin, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırılmasının və eyni zamanda, Yaponiya kreditləri hesabına Azərbaycanda bir çox mühüm layihələrin icra olunmasının əhəmiyyətini vurğulayıb.

Akira Amari prezident İlham Əliyev ilə sonuncu dəfə 2006-cı ilin martında dövlət başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb.

O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğuladı, bütün bu nailiyyətləri prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib. 

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

http://news.lent.az/news/219279

19 Feb 2017 2175 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava